ABŞ-da yeni insan haqları komissiyası yaradıldı

Mike Pompeo

Dünən – iyulun 8-də ABŞ Dövlət katibi Mike Pompeo Amerikanın xarici siyasətində insan haqlarının roluna baxılması üzrə komissiya formalaşdırıb. Bu haqda “Amerikanın səsi” məlumat yayıb.

On nəfərdən ibarət komissiyaya ABŞ-ın Vatikandakı keçmiş səfiri, Harvard Universitetinin professoru Mary Ann Glendon rəhbərlik edəcək. Pompeo-nun sözlərinə görə, komissiya üzvləri arasında insan haqları üzrə ekspertlər və bütün siyasi sektoru təmsil edən fəallar var.

İnsan haqları təşkilatları Trump administrasiyasını insan haqlarını xarici siyasətin prioriteti elan etmədiyinə görə tənqid edib. Tənqidçilərin fikrincə, bu onu göstərir ki, administrasiya müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Braziliya və Misir kimi ölkələrdə insan haqları pozuntularına göz yummağa hazırdır.

“Bu, insan haqlarının siyasiləşməsidir, elə təsəvvür yaranır ki, qadınlar və LGBT icmalarına qarşı təşəbbüsləri hədəfə alır, utancvericidir”, – Amnesty International təşkilatının ABŞ-dakı təmsilçisi Joanne Lynn söyləyib.

Mary Ann Glendon deyib ki, rəhbərlik etdiyi komissiya hüquq müdafiəçilərinin tələblərinin siyasi qərarlarda əks olunması üçün mümkün olanı edəcək.