Xəzərsahili 13 obyektə pul cəriməsi

Xəzər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzərin Bakı, Abşeron və şimal sahil zolağında fəaliyyət göstərən 13 ictimai-iaşə obyektində reydlər keçirib. Bu barədə nazirliyin mətbuat katibi İradə İbrahimova deyir.

Reyd zamanı Novxanı, Türkan və Hövsan çimərliklərində fəaliyyət göstərən «Neptun», «Balıqçı», «Alma», «Antalya», «Mirvari», «Qala», «Riad Park», «Caspian Beach» və Xəzər dənizinin şimal sahil zolağında yerləşən «Elay», «Malibu», «Jalə», «Yalama-Xəzər Turist Bazası» və «Lokomotiv» istirahət mərkəzlərinin tullantı sularını təmizləmədən dənizə axıtdıqları aşkar edilib. İ.İbrahimova həmin obyektlərə cavabdeh şəxslərin vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edildiyini bildirir.

«Lokomotiv» istirahət mərkəzinin isə hüquqi şəxs qismində cərimə olunması üçün sənədləri rayon məhkəməsinə göndərildiyi qeyd olunur.

İ.İbrahimova deyir ki, obyekt sahiblərinə sutəmizləyici qurğuların quraşdırılması üçün icrası məcburi olan göstərişlər verilib.

Nazirlik rəsmisinin sözlərinə görə, reydlər Xəzər dənizinin cənub sahil zolağında da keçirilir və nəticələri yaxın günlərdə açıqlanacaq.

Bu il çirkab suların dənizə axıdılmasına görə yararsız çimərliklərin sayı artıb. Bu haqda nazirlik vaxtaşırı keçirdiyi monitorinqlərdən sonra məlumat verir.