Yol qəzası 8 can aldı

Foto arxiv

Qəza ilə bağlı Baş Prokurorluq və DİN məlumat yaydı

İyulun 9-da Masallı rayonunda baş vermiş yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb. Bununla bağlı Daxili İşlər NazirliyiBaş Prokurorluq birgə məlumat yayıb.

Cinayət işini DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi araşdıracaq.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Nizami Mustafayevin idarə etdiyi «Mercedes Benz Vito» markalı mikroavtobusun Elvin Zeynalovun idarə etdiyi «Kamaz 5511» markalı yük avtomobilinə arxadan çırpılması mikroavtobusda olmuş 8 nəfərin ölümü, 1 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnib.

Məlumatda deyilir ki, N.Mustafayevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq hadisəni törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

DANX-dan sərnişinlərə müraciət

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sərnişinlərə qanuni daşımalardan istifadə etməyi tövsiyə edir. Bu barədə qurumun müraciətində deyilir.

Qurum bildirir ki, qanunsuz daşımalara qarşı keçirilən monitorinqlər vaxtı sərnişinlər bu cür işbazları müdafiə edirlər və nəticədə bu da arzuolunmaz hallara rəvac verir.

DANX mikroavtobusların sərnişindaşıma üçün standartlara cavab vermədiyini və qəza zamanı ciddi deformasiyaya uğradığını bildirir.

İyulun 9-u səhər saatlarında Masallı ərazisində baş vermiş yol qəzasında 8 nəfər həyatını itirib. DANX bildirir ki, qəzaya səbəb olmuş «Mercedes Vito» markalı avtonəqliyyat vasitəsi sərnişin daşıma üçün nəzərdə tutulmur.

Sözügedən yol qəzası ilə bağlı cinayət işi qaldırılıb.

DANX isə bütün avtovağzallarda mövsümlə əlaqədar olaraq avtobusların sayının artırıldığını, sərnişinlərin qanuni daşımalarla səfərlərini daha təhlükəsiz başa vura biləcəklərini qeyd edir.

+++

İyulun 9-da Masallıda yük maşını «Mercedes Vito» markalı mikroavtobusla toqquşaraq ağır yol qəzasına səbəb olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb, 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Masallı Rayon Mərkəzi Xəstəxanasından AzadlıqRadiosuna verilən məlumata görə, yaralı 24 yaşlı qadındır, qol-bazu sümüyündə sınıq var, başqa heç bir xəsarət almayıb.

Qəzaya düşənlər toya gedirlərmiş.