Ermənistan hökumətinə əhalinin inamı ‘yüksəkdir’

Baş nazir Nikol Pashinian hökumətin iclasında, arxiv fotosu

Ermənistan hökumətinə əhalinin inamı yüksək olaraq qalır. Bunu Beynəlxalq Respublikaçılar İnstitutunun İctimai sorğu mərkəzi üzə çıxarıb.

İqtisadiyyat sarıdan narahatlığın qalmasına baxmayaraq, rəy sorğusu əhalinin böyük hissəsinin ölkənin gələcəyinə nikbin yanaşdığını göstərib. Sorğu barədə AzadlıqRadiosu-nun erməni xidməti yazır.

Respondentlərin 60 faizdən çoxu belə bir arzusunu dilə gətirib ki, hökumət iqtisadi və siyasi islahatları tədricən deyil, sürətlə həyata keçirsin.

72% baş nazir institutuna inandığını, 60% ölkənin düzgün yolla getdiyini söyləyib.

“Sonuncu göstəricinin ötən ilin oktyabrı ilə müqayisədə 12 vahid azalmasına baxmayaraq, hökumətə inamın güclü ifadəsidir. Bu yüksək inam göstəricisinə başqa bir sübut respondentlərin islahatlara dəstəyidir. Respondentlərin 59 faizi hesab edir ki, hökumət korrupsiya ilə mübarizədə yetərincə cəhd göstərir. Ancaq bu nikbinliyə baxmayaraq, cəmiyyətdə bəzi qorxular da var”, – mərkəzin məlumatında deyilir.

Hökumətin ən böyük uğursuzluqları haqda suala cavabda respondentlər pis idarəçiliyi göstəriblər (22%).

Sorğu bu ilin mayında keçirilib, 18 və yuxarı yaşlı 1200 ermənistanlını əhatələyib.