Son bir neçə gündə İranda milli fəallar həbs edilir, Azərbaycan dilində dərgilər və xəbər saytları qapadılır.
Bu haqda AzadlıqRadiosuna İran Azərbaycanında yaşayan milli fəal Siyamək Seyfi məlumat verib. O bildirir ki, indi onların fəaliyyəti daha da məhdudlaşdırılır. Milli fəallara qarşı yeni, ağır ittihamlar irəli sürülür:
“İran daxilində millətin iqtisadi və siyasi durumunun narahatçılığına görə basqılar daha da artıb. Son bir ayda Kazım Səfbəxşinin həbsindən sonra “Ağrı” və “Açıq yol” qəzetləri bağlanıb. Ardınca Abbas Lisani barəsində 8 il həbs, iki il sürgün hökmü verilib”.
Buna da bax: Abbas Lisaniyə 8 il həbs, 2 il sürgün cəzası verilib
Siyamək Seyfi deyir ki, son bir neçə gündə Abbas Lisanidən başqa Kazım Səfabəxş 13 il, Siyamək Mirzayin isə 3 il azadlıqdan məhrum ediliblər. Onlar qanunsuz təşkilatlar qurmaq kimi ağır cinayətlərdə ittiham olunur.
İranda baş verənlərə etiraz olaraq, bu gün iyulun 10-da Millətçi Gənclər təşkilatı İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlar İranda həbs olunanlara azadlıq tələb ediblər.
İranda baş verənləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışan, Amerikada yaşayan azərbaycanlı fəal Ramin Cabbarlı deyir ki, bu həbs və təzyiqlərin davamı gözlənilir. Onun fikrincə, son baş verənlər yeni həbs dalğasının davamıdır:
“İran daxilində insanların iqtisadi-siyasi durumdan narazılıqları, eyni zamanda İrana qarşı xarici təzyiqlər artığından hökumət milli fəalları nəzarətdə saxlamaq istəyir. Hər hansı etiraz aksiyalarının qarşısını almaq üçün azərbaycanlı milli fəallar həbs olunur. Onlar əsassız və sübutsuz qanunsuz təşkilatlar qurmaq kimi ağır cinayətlərdə ittiham olunurlar”.
Ramin Cabbarlı indiki durumu milli fəallar üçün Ruhaninin hakimiyyəti dövrünün ən ağır, sərt rejimi kimi dəyərləndirir.
O düşünür ki, İranda sanksiyalar ümumi narazılığı ciddi şəkildə artırıb, hakimiyyət fəallar və medianı təzyiqlərlə nəzarətdə saxlamağa çalışır. Onun sözlərinə görə, 20-dən çox fəal həbs olunub. O, bildirir ki, bunlar ictimiyyətə məlum olanlardır.
Buna da bax: Murtaza Muradpur: 'Son etirazların İran hakimiyyətini islahata vadar edəcək gücdə olduğunu düşünmürəm'Azərbaycanda siyasi mühacir Babək Muğanlı deyir ki, bu məsələ diqqətdə saxlanmalıdır. Amma o təəssüflənir ki, bu qədər həbslər olmasına baxmayaraq, hər hansı ciddi addımlar atılmır:
“Lətif Həsəni 9 il, Əkbər Azad 10 il, Behnam Şeyxi 10 il, Abbas Lisani 8 il. Bu qədər həbslərə rəğmən dünya mediası bu haqda heç nə yazmır. Azərbaycan hökuməti heç olmasa bu fəalların azadlığa buraxılması ilə bağlı İran hökumətinə müraciət edə bilərdi. Heç müxalifət də bu məsələdə o qədər də fəal deyil”.
Millət vəkili Fazil Mustafa isə deyir ki, bu məsələyə dövlətin qarışması düzgün deyil:
“Azərbaycan dövlət olaraq İrandakı proseslərə qarışa bilməz. Amma ictimai fəallar vasitəsilə bu cür dəstəklər edilir. Dünya Azərbaycanlıları Konqresi, ictimai xadimlər bu məsələni gündəmə gətirir, dəstək verirlər. Orada insan haqlarının qorunması konteksində məsələyə münasibət bildirilir”.
AzadlıqRadisou Bakı sakinləri arasında rəy sorğusu keçirib:
Sizin brauzer HTML5-i dəstəkləmir
İran Azərbaycanında yaşayanlar öz ana dilində təhsil hüquqlarını, onların məişət və digər problemlərinin həllini tələb edirlər. Onların qarşılaşdığı ən böyük problemləri isə öz ana dillərində təhsil ala bilməmələridir. Buna görə ötən illərdə dəfələrlə, ana dilində mədrəsələr tələbi ilə etiraz aksiyaları olub.
İran hakimiyyəti ölkədə insan haqları pozuntularına dair məlumatları bir qayda olaraq rədd etsə də beynəlxalq insan haqları təşkilatları bir qayda olaraq bu ölkəni azadlıqların boğulmasına görə ən aşağı reytinqli dövlətlər sırasında göstərir.