Suriyanın Afrin şəhərində avtomobilə qoyulmuş bomba partladılıb, 11 nəfər həlak olub, xeyli yaralı var. Afrini Türkiyəni dəstəklədiyi üsyançılar ötən il kürd döyüşçülərdən geri alıb.
Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, partlayış şəhərin girəcəyində törədilib, uşaqlar daxil olmaqla dinc sakinlər öldürülüb.
Bəzi yaralıların durumunun ağır olduğu xəbər verilir.
Afrin Hələbdən şimalda, Türkiyə ilə sərhəddədir. Ötən ilədək kürdlərin YPG qruplaşmasının əlində idi, üsyançılar Türkiyənin dəstəyi ilə şəhəri və ətrafını ələ keçirib.
Suriyada böyük döyüşlər bitsə də, ölkənin bir çox yerlərində dinc sakinlərə qarşı hücumlar həyata keçirilir.
İyunda Afrin yaxınlığındakı Azezdə bomba partladılmış, azı 10 nəfər həlak olmuşdu.