Azər Qasımlıya qadağa götürülüb

A.Qasımlı

İyulun 12-də Nəsimi Rayon Məhkəməsi ReAL Partiyasının Məclis sədri Azər Qasımlının ölkədən çıxışına qadağanı ləğv edib.

Bu barədə «Turan»a A.Qasımlı məlumat verib. Onun sözlərinə görə, Babək Pənahovun sədrliyi ilə keçirilən proses cəmi 3 dəqiqə çəkib və hakim Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin ölkədən çıxışına qoymuş olduğu qadağanın ləğvi barədə qərar çıxarıb. «Məhkəmə mənə qarşı prokurorluğun qərarını qanunsuz adlandıraraq onu ləğv etdi. Bu, artıq 5-ci proses idi və hər dəfə prokurorluğun nümayəndələri gəlmədiklərinə görə təxirə salınırdı. Nümayəndə bu gün də gəlmədi, amma proses keçirildi. Qərar isə məni çox təəccübləndirdi», - Məclis sədri söyləyib.

Baş Prokurorluq sözügedən qadağanı A.Qasımlının adının cinayət işində keçməsi ilə əlaqələndirirdi.

Xatırlatma

2018-ci ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsi A.Qasımlının ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətini təmin etsə də, qərar bu günə qədər icra olunmurdu.