««Günəşli» yatağında ölüm hadisəsinin SOCAR-ın dediyi səbəbdən baş vermədiyi bildirilir. Əslində Seymur Vəlixanovun üstünə «kislota» (turşu) töküldüyü deyilir».
Bunu AzadlıqRadiosuna Neftçilərin Hüquqların Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.
M.Qəhrəmanlının əldə etdiyi məlumata görə, iyulun 15-də səhər saatlarında S.Verdiyev «kislota» ilə dolu 15-litrlik plastik qabı qaldıranda qab onun əlindən düşüb: ««Kislota» Verdiyevin üzərinə tökülüb, hətta boğazına keçib və o, 1 saat içində ölüb. Həmkarlarının kömək cəhdləri boşa çıxıb».
Bu iddialara SOCAR və mərhumun yaxınlarından, hələlik, münasibət almaq mümkün olmayıb.
+++
Xəzər dənizindəki «Günəşli» yatağında ölüm baş verib.
Bu barədə bu gün, iyulun 16-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Məlumatda bildirilir ki, iyulun 15-də saat 18:50 radələrində «Günəşli» yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 39-yaşlı Seymur Vəlixanov hamamda yıxıldığı vəziyyətdə aşkar edilib. Açıqlamada onun vəfat etdiyi bildirilir.
«İlkin rəyə əsasən, ölümə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub. Hadisənin baş vermə səbəbləri «Azneft» İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış komissiya tərəfindən yerində araşdırılır...»,-SOCAR bildirir.
Məsələ ilə bağlı mərhumun yaxınlarından, hələlik, açıqlama almaq mümkün olmayıb.
«Günəşli» Xəzər dənizində, Bakının 120 km şərqində «Azəri-Çıraq-Günəşli» platformasında neft yatağıdır. Bu yataq ötən əsrin 60-cı illərində tapılıb.
Xatırlatma
4 il öncə Xəzərdəki «Günəşli» neft yatağında ağır faciəli hadisə baş vermişdi. Həmin vaxt yanğın olmuşdu. Oradakı 64 neftçidən yalnız 34-ü xilas edilmişdi.