'Qarabağ'ın II mərhələdə rəqibi bəlli olub

Çempionlar Liqasının Kuboku

Futbol üzrə Azərbaycan çempionu «Qarabağ» klubunun UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Bu, İrlandiyanın «Dandolk» klubudur.

«Dandolk» I təsnifat mərhələsində Latviyanın «Riqa» komandasını mübarizədən kənarlaşdırıb. Bu komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. İyulun 17-də Latviya paytaxtında keçirilmiş cavab görüşünün əlavə vaxtında da qol vurulmayıb. Penaltilər seriyasında isə «Dandolk» daha dəqiq olub - 5:4.

«Qarabağ» İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü isə iyulun 31-də Azərbaycanda keçirəcək.

İyulun 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən «Qarabağ» - «Partizani» oyunundan da Azərbaycan təmsilçisi qalib ayrılmışdı.

Bakıda «Dalğa Arena»da baş tutan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, UEFA Çempionlar Liqasında növbəti mərhələyə keçə bilməyən Albaniya təmsilçisi isə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın «Şerif» klubu ilə üz-üzə gələcək.