AXH yürüşü 'məqsədəuyğun' sayılmayıb

BŞİH

BŞİH

«Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Hərəkatının (AXH) iyulun 20-nə nəzərdə tutduğu yürüşə icazə vermədi».

Bu barədə AzadlıqRadiosuna AXH-yə daxil olan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib. Onun sözlərinə görə, yürüşü keçirməkdə məqsədləri diqqəti Qarabağ probleminin həllinin yubanmasına yönəltmək olub.

A.Şakiroğlu deyib ki, aksiyanın Bakıda keçirilməsi nəzərdə tutulurdu. O, paytaxt rəhbərliyinin imtina məktubunun məzmunu barədə isə bunları söyləyib: «Bizə verilən cavabda yazılıb ki, torpaqlarımızın tezliklə azad olunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi istiqamətində prezident İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda zəruri addımları atır... Habelə, orada yazılıb ki, Bakı şəhərində nəqliyyat vasitələrinin artması ilə bağlı yollarda tez-tez nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Bununla bağlı, nəqliyyat vasitələrinin ahənginin təmin edilməsinə problem yaranacağı ehtimal edilərək toplantının təhlükəsizliyinə təminat verilmir. Bütün bunlardan da çıxış edərək, aksiya keçirməyi məqsədəuyğun saymırlar».

A.Şakiroğlu şəhər rəhbərliyinin qeyd edilən cavabını insan hüquqları və sərbəst toplaşmaq azadlığının pozuntusu kimi dəyərləndirib.

Onun bu dəyərləndirməsinə isə, hələlik, BŞİH-dan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə bütün fundamental azadlıqların qorunduğunu söyləyirlər.

AXH bu ilin əvvəlində təsis edilib. Quruma bir sıra müxalif partiya və ictimai fəallar daxildir. AXH-nin bundan əvvəl də keçirmək istədiyi aksiyaya razılıq verilməmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cu ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.