İyulun 19-da Azərbaycan müdafiə naziri Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının (ABŞ) fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Z.Həsənov Azərbaycan ilə ABŞ arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. Sonra tərəflər regional, ikitərəfli əməkdaşlıq, Xəzər dənizi, mühüm enerji infrastrukturlarının təhlükəsizliyi və hərbi təhsil üzrə mütəxəssislərin qarşılıqlı səfərləri ilə bağlı müzakirələr aparıblar.
Səfir Ö.Litzenberqer ABŞ-ın Azərbaycana yeni təyin olunan hərbi attaşesi polkovnik Terri Hamriki müdafiə nazirinə təqdim edib. Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin bundan əvvəlki hərbi attaşesi polkovnik Adam Kavlik olmuşdu.