Yük avtomobillərinə məhdudiyyət qoyulub

Yük maşınları

İyulun 21-dən 28-inə kimi Bakıda davam edəcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı bəzi küçə və prospektlərdə yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulub. Onların istiqamətləri dəyişdirilir.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib: «Tədbirin keçirildiyi ərazilərdə hərəkətin təhlükəsizliyinin, paytaxt yollarında süni sıxlığın yaranmaması üçün yük avtomobilləri sürücülərinə, sahiblərinə və daşıyıcılara tövsiyə edilir ki, iyulun 28-dək şəhərin mərkəzi istiqamətində yük maşınlarından istifadə edilməsin».

O bildirib ki, Xırdalan dairəsi ilə Beynəlxalq Avtovağzal Kompleksi yanından və Lökbatan dairəsindən yük avtomobillərinin şəhərin mərkəzinə doğru hərəkətinə məhdudiyyət tətbiq edilir, istiqamət dəyişdirilir.

Xatırlatma

İyulun 21-dən 28-dək Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilir. Bununla bağlı 48-ci ölkədən 3 mindən yuxarı idmançı Azərbaycana gəlib. Tədbir iştirakçılarının rahat hərəkəti məqsədilə bəzi yollarda «sarı zolaq» qadağasının da tətbiq edildiyi açıqlanıb. Bu zolaqlara daxil olan sürücülər 40 manat cərimə edilirlər. Həmin qadağa da bu il iyulun 20-si gecədən qüvvəyə minib, o da iyulun 28-nə kimi davam edəcək.