Xan Sarayında bərpa işləri başa çatıb

Şəki Xan Sarayı

«Bu il iyulun 14-dən ziyarəti müvəqqəti dayandırılan Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır».

Bunu Dövlət Turizm Agentliyi mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

Mətbuat xidmətinin rəhbəri deyib ki, Şəki Xan Sarayında bərpa, budama və təmizlik işləri başa çatıb: «Hazırda saraya girişin bərpası ilə bağlı digər dövlət qurumları ilə razılaşdırılma prosesi gedir. Burada təhlükəsizliyə cavabdeh olan qurumlar var, prinsipcə saray turistləri qəbul etməyə hazırdır. Razılaşdırılma prosesi bitəndən sonra Şəki Xan Sarayı tam istifadəyə veriləcək. Yəni, Şəki Xan Sarayının açılışı dövlət strukturları arasında razılaşdırılma prosesindən sonra baş tutacaq».

K.Quluzadənin deməsinə görə, elə məsələlər var ki, Agentliyin səlahiyyətində deyil. O qeyd edib ki, Şəki Xan Sarayında baş vermiş hadisə ilə bağlı bəzi məsələlər Fövqəladə Hallar Nazirliyinə, bəziləri Baş Prokurorluğa, bəziləri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aiddir, bu qurumların müsbət rəyi gözlənir.

Xatırlatma

İyulun 14-də Şəki Xan Sarayı ərazisində çinar ağacının budaqlarının qopub düşməsi nəticəsində 19 ziyarətçi xəsarət alıb. Onlardan 13 nəfərin sağlıq durumu qənaətbəxş sayılıb. İki nəfər Şəki Rayon Xəstəxanasına, 4 nəfər isə 1 saylı Bakı Kinik Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində yaralananlardan biri, Azərbaycan vətəndaşı Xatirə Ağamalıyeva sonradan vəfat edib.