Sülhməramlılar Əfqanıstana yola salındı

Azərbaycan sülhməramlıları (Foto arxiv)

Azərbaycan sülhməramlıları (Foto arxiv)

Bu gün, iyulun 23-də Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar NATO-nun «Qətiyyətli Dəstək» missiyasının tərkibində fəaliyyət göstərəcəklər.

«Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir», - Müdafiə Nazirliyi bildirir.

NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

Xatırlatma

1994-cü ildə Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildən Azərbaycan FTƏP-ə qoşulub.