Emin Saqiyevin 'kars'a salındığı deyilir

Həbsxana

«Xaricdən yayımlanan TuranTV-nin əməkdaşı Türkel Azərtürkə qarşı başlanmış qaralama kampaniyasının zərbəsi yenə Emin Saqiyevə dəyib».

Bunu Milli Şuranın sədri Cəmil Həsənli bildirib.

C.Həsənli deyir ki, T.Azərtürkün bacanağı, cəzaçəkmə müəssisəsində böyrək xəstəliyindən əziyyət çəkən E.Saqiyevi yenə «kars»a (cərimə kamerası) salıblar. «Görünür, hüquq-mühafizə orqanlarının başbilənləri uşaq vaxtı «O olmasın, bu olsun» filminə çox baxıblar. Xaricdə təqib etdikləri siyasiləri, bloqerləri, jurnalistləri ələ keçirə bilməyəndə onların buradakı qohumlarını ya narkotik ittihamı, ya da polisə müqavimət adı ilə şərləyib həbs edirlər. Nə fərqi var, o, olmasın, bu olsun», - Milli Şura sədri baş verənlərə belə ironik münasibət ifadə edir.

C.Həsənli qeyd edir ki, iki ildir məhbəs həyatı yaşayan E.Saqiyev də məhz T.Azərtürkə görə, saxta ittihamla tutulub: «Qisasçılığın bütün növlərin sınaqdan keçiriblər. Ataya görə övladın, övlada görə atanın, qardaşa görə qardaşın, bacıya görə qardaşın, əmioğluya görə bütün nəslin, kürəkənə görə qayının həbs olduğun görmüşdük. Amma bacanağa görə bacanağa saxta narkotik ittihamı ilə 7 il iş verilməsi Azərbaycan hüquq sisteminin yeni bir istiqamətidir».

Penitensiar Xidmətdən nə deyirlər

Penitensiar Xidmətdən isə deyilənlərə yalnız ümumi münasibət almaq mümkün olub.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, belə cəzalar birdən-birə verilmir: «Əvvəlcə, istənilən məhbusla cəzaçəkmə müəssisəsinin daxili qaydalarını pozması barədə profilaktik söhbət aparılır, bunun yolverilməzliyi diqqətə çatdırılır. Belə profilaktik söhbət nəticəsiz qalanda cərimə cəzası tətbiq edilir. Digər tərəfdən əgər məhbus hesab edirsə ki, ona cəza əsassız verilib, həmin qərardan şikayət vermək hüququndan istifadə edə bilər. Əgər cəza verilibsə, deməli, rəhbərliyin əlində buna kifayət qədər əsas olub».

Milli Şura sədrinin Azərbaycanda bir çox insanların qohumlarının siyasi və tənqidi mövqelərinə görə şərlənərək həbs edilmələri ilə bağlı dediklərinə isə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl belə oxşar şikayətlərə cavab olaraq Azərbaycanın hüquq -mühafizə orqanlarından bəyan ediblər ki, heç kim ölkədə qohumunun siyasi mövqeyinə görə həbs və təzyiqlərlə üzləşmir.

Xatırlatma

E.Saqiyev 2017-ci ilin noyabrında həbs edilib. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi E.Saqiyevi külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib. E.Saqiyev özü isə ittihamları rədd edir. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Avropadan yayımlanan müxalif TuranTV telekanalının aparıcılarından biri Türkel Azərtürkün bacanağıdır.

Bu yaxınlarda sosial şəbəkələrdə hazırda Fransada yaşayan T.Azərtürkə məxsus olduğu bildirilən səs yazısı yayılıb. Həmin səs yazısında rüşvət əvəzində viza almaq məsələsindən bəhs edilir. AXCP və onun özü iddiaları yalanlayıb.

T.Azərtürk hesab edir ki, E.Saqiyev onun fəaliyyətinə görə təqib edilir.

Yerli hüquq-müdafiə təşkilatları E.Saqiyevi siyasi məhbus kimi tanıyıb.

Amma Azərbaycan rəsmiləri ölkə həbsxanalarında siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, «siyasi məhbus» adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.