Britaniya İranla ‘barter’ə getməyəcəyini deyir

İranın saxladığı Stena Impero neft tankeri

Britaniya Fars körfəzində İranın saxladığı gəminin əvəzində İran tankerini buraxması fikrini rədd edib.

“Belə bir mübadilə olmayacaq. Burada barterdən söhbət gedə bilməz. Bu, beynəlxalq hüquq məsələsidir, beynəlxalq hüquq sisteminin qaydalarına əməl olunmalıdır və biz də bunda israr edirik”, – Britaniyanın Xarici işlər naziri Dominic Raab iyulun 29-da BBC-yə deyib.

Birləşmiş Ştatlar ötən ilin mayında Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxandan sonra İranla münasibətlər daha da gərginləşib, Vaşinqton Tehrana sanksiyaları bərpa edib.

Dominic Raab

Son həftələr İran və Britaniya hərəsi bir tanker saxlayıb və bu da nüvə sazişinə təzyiqi gücləndirib.

Sky News-a danışan Raab deyib ki, İran “qaranlıqdan çıxaraq beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi qəbul olunmaq istəyirsə, beynəlxalq qaydalara əməl etməlidir”.

“Xarici gəmiləri qanunsuz olaraq saxlaya bilməzsən”, – o deyib.

“Ticarət gəmiləri dünyanın istənilən yerində qanuni şəkildə səyahət etməli, təhlükəsiz ticarət edə bilməlidirlər”, – Müdafiə naziri Ben Wallace deyib.

Hassan Rohani hökumətin iclasında

“Xarici qüvvələrin mövcudluğu regionda təhlükəsizliyə kömək etməyəcək və gərginliyin əsas mənbəyi olaraq qalacaq”, – bunu isə İran Prezidenti Hassan Rohani Britaniyanın ikinci hərbi gəmisinin Fars Körfəzinə çatmasını şərh edərkən söyləyib.

Rohani deyib ki, Britaniya İranın Grace 1 tankerini buraxarsa, Britaniya tankeri də buraxıla bilər.

Tehran Stena Impero tankerinin “beynəlxalq dəniz qaydaları”nı pozduğunu bildirib. Britaniyanın ovaxtkı xarici işlər naziri Jeremy Hunt isə gəminin saxlanmasını “dövlət piratçılığı” adlandırıb.

Tankerin isveçli sahibi Stena Bulk bildirib ki, 23 heyət üzvünün sağlığı yerindədir.

***

Britaniyanın ikinci hərbi gəmisi Fars körfəzində

Britaniyanın ikinci hərbi gəmisi Fars Körfəzinə çatıb. İran isə Britaniyanın ərazidəki tankerləri müşayiət etmək üçün Avropanın başçılığı ilə missiya yaratmaq təklifini “təhrikedici” adlandırıb.

Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, HMS Duncan eskadra mina gəmisi HMS Montrose freqatıyla birlikdə Britaniyanın bayrağıyla üzən gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edəcək.

İran hökumətinin sözçüsü Ali Rabiei isə deyib ki, Britaniyanın Fars körfəzinə Avropa donanması göndərmək niyyəti “ədavət ismarışı daşıyır”.

Britaniya addımını İranın iyulun 19-da Britaniya bayrağıyla üzən neft tankerini saxlaması ilə izah edir.

Bir müddət öncə Britaniya hakimiyyəti Cəbbərültariqdə İran tankerini saxlayıb, onun Avropa Birliyinin Suriyaya sanksiyalarını pozduğunu iddia edib.

ABŞ Dövlət katibi Mike Pompeo da ərazidə “hərəkət azadlığını təmin etməkdən ötrü” Körfəzdə hərbi gəmilərin sayını artırmağa çağırıb.