Türkiyə MİQ-29-un axtarışına qoşulur

MİQ-29

İyulun 24-də radardan itən Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcək türkiyəli mütəxəssislər İstanbuldan Azərbaycana yola düşüblər.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bu gün, iyulun 31-də məlumat yayıb.

Məlumatda qeyd edilir ki, heyətə Türkiyənin Dəniz Donanmasına aid Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 əməkdaşı daxildir. Onlar təyyarənin və pilotun axtarışlarına qatılacaqlar.

+++

İyulun 24-də radardan itən Azərbaycan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir avadanlıqların cəlb olunduğu bildirilir.

Müdafiə Nazirliyinin (MN) bu gün, iyulun 30-da yayılan məlumatına görə, axtarışlara xarici mütəxəssislər və peşəkar dalğıclar da qoşulub: «Əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyənin aidiyyəti qurumlarına da müraciət olunub və yaxın zamanda onların mütəxəssislərinin ölkəmizə gəlməsi gözlənir. Eyni zamanda, həyata keçirilən əməliyyatın əhatə sahəsi genişləndirilərək, ölkəmizin aidiyyəti qurumlarının xeyli sayda gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər».

Xatırlatma

İyulun 24-də axşam uçuşlarını həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 hərbi təyyarəsi qəfil radardan itib.

Müdafiə Nazirliyi iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyünü ehtimal edirdi. Axtarış məqsədilə Komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.