Prezident nağdsız ödənişlərin artırılmasını istəyir

İ.Əliyev

Bu gün, iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakilə sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, Prezident İlham Əliyev bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkənin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirib.

Dövlət başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğulayıb.

Prezident deyib ki, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub, bunun böyük hissəsi qeyri-neft sektorunun payına düşüb. O, ilin əvvəlindən böyük sosial paketin təsdiqləndiyini və əhalinin rifahının, yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını söyləyib.

Prezident İlham Əliyev eyni zamanda yol infrastrukturu ilə bağlı görülən işlərdən danışıb, büdcə daxilolmalarının, eyni zamanda valyuta ehtiyatlarının artdığını, manatın məzənnəsinin sabit qaldığını vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və başqaları görülən işlərlə bağlı məruzə ediblər.

Daha sonra yekun nitqində ilin əvvəlindən 60 min yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlarını verib. O, habelə istehlak bazarının daim nəzarətdə saxlanılmasının zəruriliyini qeyd edib.

“Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən dövlət başçısı ilin sonunadək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirib.