Həcc yolçuluğu başlayıb

Kəbə

Bu gün, avqustun 2-də Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu yola düşüb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

İdarədən verilən məlumata görə, ilk qrupa 180 zəvvar daxildir.

Məlumatda vurğulanır ki, Həcc ziyarətiylə bağlı avqustun 5-nə qədər 8 təyyarə reysi həyata keçiriləcək.

Avqustun 2-si günorta ikinci zəvvar qrupunun da ziyarətə yola salınması nəzərdə tutulur.

Bu il Azərbaycanda Həcc ziyarətində zəvvarlara ayrılan kvota tam dolub. Kvota 1400 nəfərdir.

2018-cu ildə Azərbaycandan Həcc ziyarətinə 1440 nəfərlik kvota ayrılmışdı. Bu il sayda azalma olsa da, qiymətlərdə 75 dollarlıq bahalaşma baş verib. 2019-cu ildə Həcc ziyarəti bir zəvvara 4225 dollara (ötən il 4150 dollar) başa gəlib.

QMİ-nin açıqlamasına görə, bu il Qurban bayramı Azərbaycanda 12-13 avqust tarixlərində qeyd ediləcək. Həcc ziyarətləri, adətən, Qurban bayramları vaxtı icra edilir.

Son illər Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayında ümumən azalma var. 2015-ci ildə Azərbaycandan həcc ziyarətinə 1500 nəfərlik kvotaya rəğmən, 2400 zəvvar getmişdi. 2017-ci ildə isə bu, cəmi 900 nəfər təşkil edib. Sonradan sayda yenidən artım baş versə də, 2015-ci il səviyyəsinə çatmayıb.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.