Neft Fondu gəlir və xərclərini açıqlayıb

Dövlət Neft Fondu

2019-cu ilin ilk yarısında Azərbaycan Dövlət Neft Fondunun (ADNF) büdcə gəlirləri 10 milyard 698.3 milyon manat, xərcləri isə 4 milyard 499.4 milyon manat təşkil edib.

Bu barədə Fondun avqustun 2-də yaydığı məlumatda yazılıb.

Məlumata görə, Fondun gəlirlərinin 8 milyard 557.1 milyon manatı neft və qaz sazişlərinin həyata keçirilməsindən əldə edilib. Qalan hissəni bonus ödənişləri, tranzit və başqa gəlirlər təşkil edib.

Xərclərin əsas hissəsi dövlət büdcəsinə transfert olunub.

2019-cu il iyunun sonuna aktivlər (38 milyard 515.2 milyon ABŞ dolları) ilin əvvəlinə nisbətən 10.25 faiz artaraq, 42 milyard 463.7 milyon ABŞ dollarına çatıb.

Xatırlatma

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 145 milyard dollar civarında vəsait daxil olduğu deyilir. Bu vəsaitlərin böyük hissəsinin büdcəyə transfert olunduğu, yerli və beynəlxalq layihələrin icrasına sərf edildiyi bildirilir.