Tacikistanda populyar xəbər vebsaytı olan Asia-Plus Rusiyada bloklanıb, Tacikistanda da ona daxil olmaq çətinləşib.
Vebsaytın redaktoru Zebo Tojiboeva avqustun 2-də AzadlıqRadiosu-na deyib ki, Rusiyanın mediaya nəzarət qurumu olan Roskomnadzor saytı (news.tj) iyulun 26-da bloklayıb.
Tojiboeva-nın sözlərinə görə, Roskomnadzor Asia-Plus-a göndərdiyi elektron məktubda ötən il Tacikistanın şimalındakı Suğd regionunda intihar etmiş bir qadın haqda xəbəri qeyd edib, onda “intiharın təbliğinin elementləri” olduğunu deyib.
“Bu məktubdan sonra həmin xəbəri vebsaytımızdan çıxardıq, ancaq sayt artıq bloklanmışdı... Düşünürük ki, bloklama həmin məktubla əlaqədardır, ancaq digər səbəblər də mümkündür”, – Tojiboeva deyib.
Tacikistanın özündə də vebsayta giriş məhdudlaşdırılıb, bunu AzadlıqRadiosu-nun (RFE/RL) müxbirləri bildirir.
1996-cı ildə yaradılmış Asia-Plus Tacikistanın aparıcı onlayn vebsaytıdır, tacik, rus və ingiliscə çıxır.