'Sədərək'də 900 kv.m. ərazi yanıb

Sədərək ticarət mərkəzində yanğın

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Qaradağ rayonundakı «Sədərək» Ticarət Mərkəzinin ərazisində baş verən yanğınla bağlı yeni açıqlama yayıb. Həmin açıqlamada qeyd edilir ki, müxtəlif təyinatlı anbarın ümumi sahəsi 1600 kvadratmetr olub. Anbarın içərisindəki mallar 900 kvadratmetr sahədə yanıb: «Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub».

16 nəfərə tibbi yardım göstərilib

Avqustun 4-də Qaradağ rayonunda «Sədərək» Ticarət Mərkəzinin ərazisində baş verən yanğın zamanı Təcili Tibb Yardıma 16 nəfər müraciət edib, onlardan 6-sına yerində yardım olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qalanların çoxusu Fövqəladə Hallar Nazirliyinin işçiləri (FHN) və polis əməkdaşlarıdır: «9 nəfər yanğının söndürülməsində iştirak edən polislər və Fövqəladə Hallar Nazirliyin əməkdaşlarıdır. 1 nəfər isə ticarət mərkəzində işləyən adamdır. Onlar Kliniki Tibbi Mərkəzinə çatdırılıb, tibbi yardım göstərildikdən sonra evə buraxılıblar».

'Sədərək'də yanğın söndürülüb

«Sədərək» ticarət mərkəzində baş vermiş yanğın artıq söndürülüb.

Bu barədə avqustun 4-dən 5-nə keçən gecə, saat 00:15-də Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayıb.

Məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda «Sədərək» Ticarət Mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğını Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri söndürüb.

Nazir müavini: "Yanğın tam məhdudlaşdırılıb"

"Sədərək" ticarət mərkəzindəki yanğın artıq 3 saata yaxındır ki, davam edir. Hazırda yanğın tam məhdudlaşdırılıb, yanma təhlükəsi yoxdur".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini müxtəlif parfümeriya malları, sabunlar, dezadrantlar, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığını nəzərə çatdırıb: "Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçurdaraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək ".

E. Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu nəzərə çatdırıb.

Yanğının səbəblərinə gəlincə, E.Mirzəyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Onu da deyim ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaratdıq. Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək".

--

Avqustun 4-də günün ikinci yarısı Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış ünvanına cəlb olunub: “Hazırda yanğınsöndürmə işləri davam etdirilir”

7 FHN əməkdaşı yanğında tüstüdən zəhərlənib

“ Qafqazinfo” saytının məlumatına görə də, "Sədərək" ticarət mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub.

Səhiyyə Nazirliyindən sayta bildirilib ki, 7 nəfər FHN əməkdaşı tüstüdən zəhərlənmə ilə Toksikologiya Şöbəsinə yerləşdirilib.

APA agentliyinin xəbərində isə qeyd edilir ki, bu ticarət mərkəzində yanğın parfümeriya mağazasında başlayıb, daha sonra da müxtəlif malların saxlandığı anbara keçib.

Yanğının nədən baş verdiyi açıqlanmayıb.