Hindistan Kəşmirə əlavə qüvvələr yerləşdirir

Kəşmir, 2 avqust, 2019-cu il

Hindistan mübahisəli Kəşmir vilayətinin öz nəzarətində olan hissəsinə əlavə qüvvələr yerləşdirib, minlərlə turistə isə buradan çıxmaq göstərişi verib. Pakistan lideri isə ABŞ Prezidenti Donald Trump-ı bu münaqişənin həllində vasitəçiliyə çağırıb.

Avqustun 5-də Kəşmirin Hindistanın nəzarətində olan hissəsində telefon və internet xidmətləri kəsilib, vilayət liderləri ev dustağı edilib.

Bu gün səhərdən Hindistan hakimiyyəti bildirib ki, regionun əsas şəhəri olan Srinagarda hərəkətə məhdudiyyət qoyulur, bütün məktəblər bağlanır.

Pakistan polisi isə avqustun 4-də Hindistanın təmas xəttini atəşə tutduğunu, bir qadının yaralandığını bəyan edib. Təmas xətti Kəşmiri iki rəqib ölkə arasında ikiyə bölüb.

Bir gün öncə Pakistan Hindistanı iki dinc sakinin ölümündə, 11 nəfərin yaralanmasında ittiham edib, qanunsuz kaset bombalardan istifadə etdiyini deyib. Hindistan isə iddianı rədd edir.

Son günlər Hindistan Kəşmirə azı 10 min əsgər yerləşdirib. Media regiona daha 25 min əsgər göndərildiyini xəbərləyir.

Avqustun 5-də Hindistan hökuməti Baş nazir Narendra Modi-nin iqamətgahında yığışaraq durumu müzakirə edəcək.

Pakistanın Baş naziri Imran Khan isə Twitter-də xəbərdarlıq edib ki, durum “regional böhrana çevrilə bilər”. O, ABŞ Prezidenti Donald Trump-ı Kəşmir münaqişəsində vasitəçilik təklifini həyata keçirməyə çağırıb.