Zarif özünə sanksiyaları Vaşinqtonun diplomatik ‘iflas’ı sayır

Mohammad Javad Zarif

İranın Xarici işlər naziri Mohammad Javad Zarif deyir ki, Birləşmiş Ştatların ona sanksiya tətbiq etməsi Vaşinqtonun Fars körfəzindəki gərginliyi azaltmaq üçün diplomatik həll tapa bilmədiyini göstərir.

Zarif avqustun 5-də Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, o, ABŞ Prezidenti Donald Trump ilə görüş dəvətini rədd edəndən sonra Ağ ev ona maliyyə sanksiyaları tətbiq edib.

Zarifə-ə, eləcə də bir ay öncə İranın Ali dini lideri Ayətulla Ali Khamenei-yə sanksiyaları bir çox təhlilçilər riskli sayır, çünki onlar danışıqlara aparan yolda bir-birinin ardınca əngəl yaradır.

“Bir xarici işlər nazirinə sanksiya tətbiq etmək dialoqa yönəlik istənilən cəhdin iflası deməkdir”, – Zarif deyib. O daha sanksiyaları “uşaq hərəkəti” adlandırmışdı.

İki ölkənin münasibətləri ötən ilin mayından daha da pisləşib. Belə ki, Vaşinqton İranla 2015-ci il nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib.

Buna da bax: İran Zarifə sanksiyaları pisləyir

“Kiminlə danışmaq istəyirlər?”

Zarif-ə sanksiyaları elan edən ABŞ maliyyə naziri Steven Mnuchin xarici işlər nazirini Khamenei-nin “avantürist siyasəti”ni icra etməkdə suçlayıb, onu İran rejiminin “dünyadakı əsas sözçüsü” adlandırıb.

Trump isə dəfələrlə deyib ki, “maksimum təzyiq” kampaniyasını saxlamağına baxmayaraq, iranlılarla danışıq aparmaq istəyir.

Zarif deyib ki, “İranın başına silah kimi tuşlanmış” iqtisadi sanksiyalar yüngülləşərsə, Tehran danışıqları bərpa etməyi nəzərdən keçirər.

“Masanı tərk edən, İranın xarici işlər nazirinə, İslam respublikasının ən yüksək səlahyyətlisinə sanksiya tətbiq edən onlar olublar. İndi kiminlə danışmaq istəyirlər?” – o vurğulayıb.

Bundan bir gün öncə isə İran İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) Fars körfəzində bir xarici neft tankerini saxladığını, onun “bəzi ərəb ölkələrinə” qaçaq yanacaq daşıdığını bildirib.

İran ötən ay Fars körfəzində Panama bayrağıyla üzən, Hörmüz boğazında isə Britaniya bayrağı olan tankerləri saxlayıb. Bundan öncə Britaniya Cəbbərültariqdə İranın tankerini saxlayıb, onun AB sanksiyalarını pozaraq Suriyaya neft daşıdığını iddia edib.