Trump xarici yardımı hələlik dayandırıb

Donald Trump

ABŞ Prezidenti Donald Trump xarici maliyyə yardımını dayandırıb, Ağ evin Menecment və Büdcə İdarəsinin (OMB) xərclənməmiş pulu təftiş etməsini gözləyir. Məlumatı CNN yayıb.

Tənqidçilərin fikrincə, bu addım qlobal səhiyyəyə, sülhyaratma əməliyyatlarına, narkotiklərə nəzarətə və inkişafa yardımın ciddi azalmasıyla sonuclana bilər. Ancaq bu vəsaiti Konqres təsdiqləyib.

Avqustun 3-də Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) OMB-yə məktub göndərərək vəsaiti nəzərdən keçirməsini istəyib.

Sözügedən vəsaitin məbləği 2-4 milyard dollardır. Bunu CNN-ə USAID rəsmisi deyib. Maliyyə ili isə sentyabrın 30-da bitir.

İlk dəfə məktub haqda avqustun 5-də “The Washington Post” yazıb.

OMB Konqresə qalan vəsaitin ayrılmasını dayandırmağı xahiş edə bilər.

Trump administrasiyası Vaşinqtonun xarici yardıma ayırdığı pulu azaltmağa dəfələrlə cəhd edib.

Apreldə administrasiya xarici yardım və diplomatiya büdcəsini 23 faiz kəsməyə cəhd etmişdi, ancaq alınmamışdı.

Trump-ın müttəfiqi, respublikaçı senator Lindsey Graham təklifi “düşüncəsiz” adlandırıb.

USAID-nin həmin rəsmisinin sözlərinə görə, OMB ötən il xarici yardıma pulu ləğv etməyə çalışıb, ancaq Konqres bunu rədd eləyib.