Kəşmirdə komendant saatı yüngülləşdirilir

Kəşmir, 9 avqust, 2019-cu il

Kəşmirin Hindistanın nəzarətində olan hissəsində artıq beşinci gündür qüvvədə olan komendant saatı avqustun 9-da cümə günü ibadətlərindən dolayı yüngülləşdirilib.

Regionun polis rəisi Dilbagh Singh “AP” agentliyinə deyib ki, “Srinagar şəhərinin bir çox yerlərində adamlara ibadət üçün məscidlərə getməyə icazə veriləcək”.

O, konkret vaxt göstərməyib. Ancaq Srinagarda cümə ibadəti adətən günorta 12:37-də başlanır, 20 dəqiqə çəkir.

Avqustun 4-dən Kəşmirin Hindisran hissəsində təhlükəsizlik tədbirləri gücləndirilib, mobil şəbəkə, internet kəsilib.

Ertəsi gün Hindistanın millətçilərin nəzarətində olan hökuməti Kəşmirin xüsusi konstitusion statusunu ləğv edib.

Avqustun 8-də xalqa müraciətində Hindistanın Baş naziri Narendra Modi deib ki, bu addım Nyu Dehliyə region “terrorçuluq və separatçılıq”dan təmizləməyə imkan verəcək.

Kəşmir Hindistan və Pakistan arasında bölünüb. Üsyançılar onillərdir Hindistan idarəçiliyi ilə mübarizə aparır, kəşmirlilərin çoxu ya müstəqillik, ya da Pakistanla birləşmək istəyir.