Qadın etirazçını yumruqlayan kimdir

Qadını yumruqlayanın tapılması üçün 100 min rubl mükafat vəd olunur

Rusiyanın Milli Qvardiyası Moskvada 10 avqust nümayişində qadın etirazçını qarnından yumruqlamış uniformalı əməkdaşla bağlılığı olmadığını bildirir.

Moskvadakı “Govorit Moskva” radiostansiyası avqustun 12-də Milli Qvardiyanın bəyanatını yayıb. Bəyanatda deyilir ki, “videodakı əməkdaşlar Milli Qvardiya birliklərinə aid deyillər”.

Ancaq bəyanatda həmin şəxslərin hansı güc strukturunu təmsil etdiyi də açıqlanmır.

Qeyd edək ki, İnternetdə yayılan videodakı iki kişi Rusiya Milli Qvardiyasının uniformasına oxşar geyimdə görünür.

Rusiyada polis və digər təhlükəsizlik əməkdaşları Moskvada dinc etirazçılara qarşı sərt davranışa görə ölkədə və xaricdən tənqidlə üzləşirlər. Onlar etirazçıları dəyənəklə döyməkdən də çəkinmirlər.

Moskvada etirazçı qadın, 10 avqust, 2019-cu il

Rusiya Prezidenti Vladimir Putin Milli Qvardiyanı 2016-cı ilin aprelində, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədilə yaradıb. Ona keçmiş metallurq, 2000-2013-cü illərdə prezident təhlükəsizlik xidmətinin rəhbəri olmuş Viktor Zolotov rəhbərlik edir.

Milli Qvardiya birbaşa Prezident Putinə hesabat verir.

***

Qadın etirazçını vurana görə mükafat veriləcək

Rusiyanın insan haqları vəkili qadın etirazçını yumruqlamış polis əməkdaşının müəyyənləşdirilməsi üçün 100 min rubl (1300 dollar) mükafat təyin edib.

Pavel Chikov

“Agora” hüquqi yardım qrupundan Pavel Chikov bu haqda avqustun 11-də Twitter-də yazıb. İnsident isə bir gün öncə azad və ədalətli seçki uğrunda yürüşdə qeydə alınıb.

Sosial mediada yayılmış videoda iki polis əməkdaşının Daria Sosnovskaya adlı gənc qadını saxladığı, qolundan tutaraq polis maşınına apardığı görünür.

Qadın ayağıyla yerdəki polis dəyənəyini özünə tərəf çəkmək istəyəndə polis əməkdaşları dəyənəyi dərhal götürürlər. Sonra polislərdən biri qadını qarnından yumruqlayır, yerdən dəyənəyi götürür və qadını maşına dürtür.

“Polis əməkdaşı dövlətin təmsilçisidir. İstintaqın nəticəsindən asılı olmayaraq Rusiya dövləti buna görə ödənişi etməlidir”, – Chikov deyib.

Rusiyadan güc strukturları əməkdaşlı etirazçıların hərəkətlərinə qeyri-mütənasib aşırı gücdən istifadəyə görə nadir hallarda cəzalandırılırlar.

Avqustun 10-da Rusiyada etiraz yürüşündə 350-dən çox etirazçı saxlanıb. Onlardan 256-sı Moskvada tutulub.

27 iyul aksiyasında 1400 nəfər, avqustun 3-də isə azı min nəfər saxlanmışdı.