Lvovda da T-64 tankları hazırlanacaq

T-64 tankları, 2016-cı il

Lvov Tank Zavodu Ukraynada müasir T-64 tankları istehsal edən ikinci zavod olacaq. Bu tanklar termal görmə avadanlığı, rəqəmsal radio kommunikasiya, peyk naviqasiya sistemi, yeni partlayıcı-reaktiv zirehlə təmin olunacaq. Məlumatı avqustun 12-də müdafiə sənayesinə nəzarət edən Ukroboronprom dövlət şirkəti yayıb.

“Nəticədə biz döyüş qabiliyyətimizi ciddi şəkildə artırmışıq”, – məlumatda deyilir.

T-64 tankları Ukrayna ordusunun əsas döyüş maşınıdır. Son model 2017-ci ildə modernləşdirilib.

Yeniləmə zamanı yerləşdirilmiş yeni aşkarlayıcı silah kompleksi günün istənilən vaxtında, istənilən hava şəraitində hədəfi aşkarlamağa və məhv etməyə imkan verir.

Bundan öncə yalnız Xarkov zavodunda modernləşdirilmiş T-64 tankları buraxılırdı. İndiyədək zavod ordunu 150 tankla təchiz edib.

Ukrayna ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla savaşır. 2014-cü ildən bu münaqişədə 13 mindən çox adam həlak olub.