'Binə'də yanğın olub

Yanğın

Bu gün, avqustun 13-də «Binə» Ticarət Mərkəzində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Məlumatda qeyd edilir ki, nazirliyin «112» qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində «Binə» Ticarət Mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin gördüyü tədbirlər nəticəsində yanğın söndürülüb.

«Hadisə zamanı ümumi sahəsi 40 kvadratmetr olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub», - məlumatda qeyd edilir.

Yanğınla bağlı araşdırma aparılır.

Xatırlatma

Ötən həftə, avqustun 5-də «Binə» Ticarət Mərkəzi ilə qonşuluqda olan «Sədərək» Ticarət Mərkəzinin də anbarında yanğın baş vermişdi.

Rəsmi açıqlamada qeyd edilirdi ki, müxtəlif təyinatlı anbarın ümumi sahəsi 1600 kvadratmetr olub. Anbarın içərisindəki mallar 900 kvadratmetr sahədə yanmışdı.