Pakistanın Baş naziri Imran Khan ölkənin müstəqillik günü münasibətilə bəyanatında Kəşmirin Hindistanın nəzarətində olan hissəsində yaşayanlarla həmrəylik bildirib, onları “Hindistan istibdadının qurbanları” adlandırıb.
“Müstəqillik günü böyük xoşbəxtlik imkanıdır, ancaq biz bu gün kəşmirli qardaşlarımızın acınacaqlı durumundan kədərlənmişik”, – Khan avqustun 14-də deyib. “Kəşmirli qardaşlarımızı əmin edirəm ki, onlarla birlikdəyik”, – o, sözlərinə əlavə edib.
Prezident Arif Alvi İslamabadda keçirilən mərasimdə oxşar ismarıc verib. “Onlarla birlikdə olmuşuq, bu gün onlarla birlikdəyik və bunu davam etdirəcəyik”, – o deyib.
Khan Kəşmirin Pakistan hissəsində qanunverici orqan qarşısında çıxış edib. “Mən Kəşmirin səsini dünyaya yayan səfir olacağam”, – o deyib.
***
Pakistanın Baş naziri Imran Khan 14 avqust – ölkənin Müstəqillik gününü Kəşmirin Pakistanın nəzarətində olan hissəsində keçirəcək. Baş nazirin idarəsinin məlumatına görə, Khan-ı bir neçə nazir müşayiət edəcək və orada “bütün partiyaların konfransı” təşkil olunacaq.
Bu səfərdən bir gün öncə Pakistan BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.
Hindistan isə avqustun 5-də nəzarətində olan Cammu və Kəşmirin muxtariyyətini ləğv edib. Bundan sonra regionda fövqəladə vəziyyət elan edib.
İslamabad bu rejimin beynəlxalq sülhə təhdid yaratdığını, regionda etnik təmizləmə və genosidə apara biləcəyini bildirib.
Hindistan hökuməti isə avqustun 13-də bildirib ki, regionda təhlükəsizlik tədbirlərini “mərhələli şəkildə” azaldacaq. Hazırda Kəşmirin Hindistan hissəsində mobil əlaqə və internet şəbəkəsi işləmir.
Kəşmir Hindistanla Pakistan arasında bölünüb. Üsyançılar onillərdir Hindistan idarəçiliyinə qarşı savaşırlar. Kəşmir sakinləri müstəqillik, yaxud Pakistanla birləşməyi tələb edirlər.