Manatın 27 yaşı

Sizin brauzer HTML5-i dəstəkləmir

Manatın 25 ildə keçdiyi yol (Video arxiv)

Bu gün, avqustun 15-də Azərbaycan milli valyutası - manatın dövriyyəyə buraxılmasından 27 il keçir.

Keçmiş prezident Əbülfəz Elçibəy 1992-ci il iyulun 15-də «Milli valyutanın dövriyyəyə buraxılması haqqında» Fərman imzalayıb.

1992-ci il avqustun 15-də 1, 10, 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20, 50 qəpiklik sikkələr dövriyyəyə buraxılıb. Dekabrda da 5 manatlıq əsginaslar xalqın istifadəsinə verilib. 1993-cü ilin martında da insanlar 50, 100, 500 və 1000 manatlıq əsginaslarla tanış olublar. Azərbaycanın ilk pulları Fransa Mərkəzi Bankında hazırlanıb.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubla bərabər olub. Üstəlik, hər iki valyutadan istifadə edilib.

Prezident Heydər Əliyev 1993-cü il dekabrın 11-də «Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında» Fərman verib. Bununla da Milli Bank müstəqil pul və məzənnə siyasəti həyata keçirməyə başlayıb. Daha sonra ölkədə hiperinflyasiya baş verib. 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər olub. Bir il sonra 1 dollar 4182 manata yüksəlib.

Denominasiya

2005-ci il fevralın 7-də prezident İlham Əliyev «Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» Fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5000 köhnə manata bərabər tutulub və bir il hər iki əsginas qüvvədə olub. 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilib. Sonrakı illər neftin yenidən bahalaşması manatın məzənnəsinə də təsir edib. Nəticədə 1 dollar 78 qəpiyə bərabər olub.

Son iki devalvasiya

Ancaq 2015-ci ildə baş verən iki devalvasiya manatı bir xeyli dəyərdən salıb. 1 dollar birinci devalvasiyada 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Mərkəzi Bank manatın «üzən məzənnə» rejiminə keçdiyini bəyan edib. Bununla belə, artiq iki ildir manatın məzənnəsində heç bir dəyişiklik baş vermir. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir. Manatın məzənnəsinin inzibati qaydada tənzimləndiyini deyən müstəqil iqtisadçılar son iki ildə baş verənlərlə bağlı «manat daha üzmür», - deyə zarafatla söyləyirlər.