Elvis Presley-nin ölümündən 42 il keçir

Prezident Richard Nixon (solda) və Elvis Presley

Rok-n-rol əfsanəsi Elvis Presley-nin ölümündən 42 il keçir. Fanatları onun ABŞ-ın Tennessi ştatının Memfis şəhərindəki məzarını əllərində şamlarla ziyarət ediblər.

Presley 1977-ci il avqustun 16-da 42 yaşında dünyasını dəyişib.

Hər il keçirilən anım mərasimində bütün dünyadan fanatlar müğənninin vaxtilə yaşadığı Graceland malikanəsinə yığışırlar.

Elvis Həftəsi ərzində insanlar onun, eləcə də valideynlərinin və nənəsinin məzarını ziyarət edirlər.

Mərasim avqustun 15-i gecədən 16-sı səhərədək davam edir.

Hər il Graceland-ə 500 minədək ziyarətçi gedir. Rəsmi məlumata görə, bu il Elvis Həftəsi üçün malikanəyə 20 mindən çox adam gedəcək.

Presley 1956-cı ildə yeni ifa tərzi, rekord vuran hitləri, bir sıra Hollivud filmlərində baş rolları oynaması ilə məşhurlaşdı.