Avqustun 15-də Azərbaycanda Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin Hauptvaxtına baş çəkiblər.
«Başçəkmədə məqsəd 2019-cu il, avqustun 12-si cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş erməni hərbi qulluqçusu Kazaryan Aro Xaykoviçin saxlanılma şəraitinin və rəftarın araşdırılması, onun hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub», - Ombudsman Aparatının açıqlamasında qeyd edilir.
Məlumatda yazılıb ki, A.Kazaryanla tərcüməçinin iştirakı ilə söhbət zamanı o, həkim müayinəsindən keçdiyini, səhhətinin normal olduğunu, saxlanılma şəraitindən, onunla rəftardan və qida təminatından razı qaldığını bildirib. Habelə vurğulandığına görə, o, hüquqlarının pozulmasına yol verilmədiyini söyləyib.
Azərbaycan Müdafiə Nazirliyi avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan hərbi qulluqçusu Aro Xaykoviç Kazaryanın saxlandığıni xəbər vermişdi. Nazirliyin məlumatında saxlanan şəxsin fərari olduğu vurğulanırdı.
Rəsmi açıqlamada deyildiyinə görə, ilkin dindirilmə nəticəsində müəyyən olunub ki, onun fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı dözülməz və qeyri-insani münasibətdir.
Amma Ermənistanın müdafiə naziri David Tonoyan əmin olduğunu bildirib ki, hərbi xidmətdə olan A.Kazaryan Azərbaycan tərəfinə azaraq keçib: «Təhqiqat hələ ki davam edir, amma mən şəxsən inanıram ki, bizim əsgərimiz coğrafi baxımdan səhv edib».
Xatırlatma
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə mövqelər tutub.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.