İ.Rəhimov məhkəmə heyətinə etiraz edir

İ.Rəhimov

Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə realliq.info saytının redaktoru İkram Rəhimovun işi üzrə iclas keçirilib.

Vəkil Elçin Sadıqovun bildirməsinə görə, iclasın əvvəlində İ.Rəhimov məhkəmə heyətinə etiraz edib. Vəkilin vurğulamasına görə, o, buna səbəb kimi vəsatətlərin qəbul edilməməsini göstərib.

E.Sadıqov qeyd edib ki, bununla əlaqədar məhkəmə iclası avqustun 28-nə təxirə salınıb.

İ.Rəhimovun avqustun 7-dən aclıq aksiyasına başladığı açıqlanmışdı. E.Sadıqovun sözlərinə görə, İ.Rəhimov avqustun 21-də keçirilən prosesdə də aclıq aksiyasını davam etdirdiyini bildirib. Müdafiə etdiyi şəxsin səhhətinin yaxşı olmadığını bildirən vəkilin qeyd etməsinə görə, İ.Rəhimov yalnız su qəbul etdiyini vurğulayıb.

Bir neçə gün öncə Penitensiar Xidmətdən də İ.Rəhimovun aclıq aksiyası keçirdiyini təsdiqləmişdilər.

Avqustun 7-də elə Bakı Apellyasiya Məhkəməsində İ.Rəhimovun işi üzrə ilkin iclas olmuşdu. Müdafiə tərəfi birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələrinin saxtalaşdırıldığını iddia edərək, onların yenidən dindirilməsi barədə vəsatət qaldırmışdı. Lakin vəsatət təmin edilməyib. İ.Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirmişdi.

Amma müdafiə tərəfinin birinci instansiya məhkəməsində çıxışların dəyişdirilməsi ilə bağlı dediklərinə, hələlik, Bakı Ağır Cinayətlər Məhkəməsi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İkram Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. İ.Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi.

Onda bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri - Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.