ABŞ Venesuela ilə gizli danışıqlar aparır – Qərb mediası

Nicolas Maduro, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump administrasiyası Venesuela Prezidenti Nicolas Maduro-nun yaxın adamları ilə danışıqlar aparır, onun prezidentlikdən getməsi, ölkədə azad seçki keçirilməsi şərtlərini razılaşdırmağa çalışır. Bu haqda “The Wall Street Journal” qəzeti danışıqlarda iştirak edən venesuelalılara istinadla yazıb. Maduro hökumətini Birləşmiş Ştatlar və onlarla ölkə tanımır.

Danışıqlarda ölkənin konstitusion assambleyasının rəhbəri Diosdado Cabello-nun iştirak etdiyi vurğulanır. O, narkotik qaçaqçılığında şübhəli sayılaraq Amerika sanksiyalarına məruz qalmışdı.

Qəzet yazır ki, danışıqlar ilkin mərhələdədir və məqsəd ölkədəki siyasi böhranı sülh yoluyla həll etməkdir.

Venesuelada müxalif etirazçı, arxiv fotosu

Cabello və Venesuela tərəfdən danışıqlara qatılmış digərlərinin niyyəti Amerika və beynəlxalq ictimaiyyətdən ölkədən qalmağa təminat almaqdır. Sülh prosesi nəticəsində hakimiyyətə gələcək şəxslər də bu təminatlara hörmətlə yanaşmalıdır, məqalədə deyilir.

Maduro-nun yaxın ətrafıyla kontaktlar haqda informasiya ilk dəfə elə Donald Trump-ın özündən sızıb. Sonradan Maduro da təmasları təsdiqləyib.

“The Wall Street Journal” yazır ki, Cabello ilə danışıqlar Trump administrasiyasının Maduro-nu istefaya məcbur etmək cəhdlərinin dayandığını, indi onların prosesə Venesuela hakimiyyətinin digər mərkəzlərini cəlb etməyə çalışdığını göstərir.

ABŞ Venesuelanın neft sənayesinə, hökumətin və ordunun nüfuzlu üzvlərinə sanksiyalar tətbiq edib, ölkənin qanuni lideri saydığı Juan Guaidó-nun hakimiyyətə yolunu açacaq demokratik seçki keçirilməsinə çalışır.

Mozilla Firefox brauzeri

Mozilla və Google Qazaxıstandakı istifadəçiləri qoruyacaq

Firefox və Chrome brauzerlərini dəstəkləyən MozillaGoogle şirkətləri Qazaxıstandakı istifadəçilərin onlayn təhlükəsizliyini və gizliliyini qorumaqdan ötrü hərəkətə keçib. Şirkətlər bu iki brauzerə texnoloji həll yolları daxil ediblər və məqsəd Qazaxıstan hökumətinin ölkəiçində internet trafiki önləməsinə imkan verməməkdir.

Bundan öncə yayılmış məlumatlara görə, Qazaxıstanın internet provayderləri istifadəçilərdən tələb edir ki, internetə girdikləri bütün cihazlara və hər bir brauzerə hökumətdən alınmış sertifikat quraşdırsınlar. İnternet şirkətləri bu sertifikatlara inanmadıqlarını, yüklənən kimi hökumətə istifadəçinin bütün yazdıqlarını, internetdə yerləşdirdiklərini oxumaq imkanı verdiyini bildirir. Hətta istifadəçinin hesabı haqda informasiya, onun parollarını da ələ keçirmək. Facebook, Twitter, Google və digər saytların ziyarətçilərinin hədəfə alındığı vurğulanır.

Arxiv fotosu

“Bütün dünyada istifadəçilər internetdə gəzişərkən Firefox-un onları qoruduğuna inanırlar, özəlliklə də təhlükəsizliklərinə bu cür hücumlardan söhbət getdikdə. Biz belə addımlara yüngül yanaşmırıq, istifadəçilərimizin və vebin bütövlüyünün qorunması Firefox-un mövcud olma səbəbidir”, – Mozilla-nın İnam və Təhlükəsizlik üzrə direktoru Marshall Erwin deyib.

“İstənilən təşkilat, hökumət və digərlərinin Chrome istifadəçilərinin datasına zərbə vurmaq cəhdlərinə dözə bilmərik. Konkret bu məsələdən dolayı qoruma həyata keçirmişik və dünyadakı istifadəçilərimizi qorumaqdan ötrü həmişə tədbir görəcəyik”, – Chrome rəsmisi Parisa Tabriz söyləyib.

Birinci dəfə deyil ki, Qazaxıstan hökuməti ölkədə internet trafikinə nəzarəti ələ almağa çalışır. 2015-ci ildə hökumət Mozilla-nın əsas mağaza proqramına kök sertifikatının salınmasına cəhd göstərib. Ancaq sonradan bəlli oldu ki, sertifikatın məqsədi istifadəçilərin məlumat bazasına çıxış əldə etmək olub. Mozilla bu xahişi rədd elədi. Sonradan hökumət vətəndaşları bu sertifikatı manual şəkildə yerləşdirməyə məcbur elədi, ancaq qurumlar hüquqi addım atınca bundan vaz keçdi.