Avqustun 22-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün pley-off mərhələsi çərçivəsində «Linfild»-«Qarabağ» oyunu keçirilib.
Azərbaycan çempionu «Qarabağ» bu mərhələdə səfər qarşılaşmasından 3:2 hesabı ilə məğlub ayrılıb. Oyunda ilk hesab 14-cü dəqiqədə açılıb. Ağdam təmsilçisi Faysal Rerras adını tabloya yazdırıb – 0:1. Sonra isə meydan sahibləri üç dəfə fərqləniblər. Nəhayət, qarşılaşmanın sonuncu dəqiqəsində «Qarabağ» hesab arasındakı fərqi bir topa endirib. Maqaye Qeye hakimin təyin etdiyi 11-metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Beləliklə, «Qarabağ» səfərdə Şimali İrlandiya təmsilçisinə 3:2 hesabı ilə məğlub olub.
Bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
Xatırlatma
Ağdamın «Qarabağ» klubu bu mövsüm bundan əvvəl UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb, UEFA Avropa Liqasına keçmişdi. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu «Partizani» klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın «Dandolk» komandasından güclü olub - 1:1, 3:0. «Qarabağ» üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 1:2 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən reytinqli klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.