Sibirdə 70 meşə yanğını aktivdir

Sibirdə meşə yanğını

Avqustun 26-da gecəyədək Rusiyanın Sibir regionunda 50 min hektardan artıq ərazidə meşə yanğını qeydə alınıb. TASS xəbər agentliyi hazırda 70 yanğının aktiv olduğunu yazır.

Son 24 saat ərzində 3 min hektara yaxın ərazidə 55 yanğın söndürülüb.

Aktiv yanğınların təxminən yarısı Krasnoyarsk regionundadır. İrkutskda 2 min 200, Maqadanda isə 1900 hektar ərazi yanır.

Avqustun ortasında rekord həcmdə, 5,5 milyon hektar ərazi alışmışdı, tüstü buludları 5 milyon kvadrat kilometrdən artıq ərazini əhatələmişdi və bu, Avropa Birliyinin ərazisindən də çox idi.

Sibirdə yanğınlar artıq üçüncü aya keçdiyindən dörd regionda fövqəladə vəziyyət elan olunmuşdu. “The Guardian” yazır ki, iyundan bəri Rusiya Arktik zonadakı yanğınlardan ən çox əziyyət çəkən ölkə olub. Bu zonaya Alyaska, Qrenlandiya və Kanada daxildir.

Ümumilikdə atmosferə iyunda 50 meqaton, iyulda isə 79 meqaton karbon qazı buraxılıb ki, bu da 36 milyon avtomobilin atmosferə tullantısına bərabərdir.

13,1 milyon hektardan çox ərazi yanıb. Bunun 4,3 milyon hektarı Sibirdəki tayqa meşələridir.