İran bu yaxınlarda Cəbbərültariqdən buraxılmış supertankerin neftini satdığını deyir, ancaq alıcının adı açıqlanmır.
Hökumətin sözçüsü Ali Rabiei avqustun 26-da Tehranda mətbuat konfransında deyib ki, gəminin haraya gedəcəyini də neftin sahibi müəyyənləşdirəcək.
Bu arada tankerlərin hərəkətini izləyən Refinitiv Eikon data şirkəti bildirib ki, əvvəllər Grace 1, indi isə Adrian Darya adını daşıyan tanker daha Türkiyəyə tərəf getmir. Həftəsonu trafikdə məhz Türkiyə qeydə alınmışdı.
Aralıq dənizində üzən tankerdə 2,1 milyon barrel xam neft var, dəyəri 130 milyon dollardır.
Birləşmiş Ştatlar tankerin buraxılmasına etiraz edirdi. İyulun 4-də Cəbbərültariqdə Britaniya qüvvələri tərəfindən saxlanmış tankerin Suriyaya neft apardığı, bununla da Avropa Birliyi sanksiyalarını pozduğu bildirilirdi.
Tanker avqustun 19-da Britaniya ərazisindən çıxdı, Suriyaya getməyəcəyinə dair yerli hakimiyyətə təminat verildi.
İran Ədən körfəzinə mina gəmisi yerləşdirib
Ancaq Birləşmiş Ştatlar tankeri saxlamaq istəyir, onun İranın İslam İnqilab Keşikçiləri Korpusuna bağlı olduğunu iddia edir. Vaşinqton bu korpusa sanksiyalar tətbiq edib.
Vaşinqton ötən il İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. İran isə cavabında nüvə sazişi öhdəliklərini məhdudlaşdırmağa başlayıb.
Buna da bax: Trump ‘münasib şəraitdə’ Rohani ilə görüşə biləcəyini deyirBu il Fars körfəzində baş verən bir neçə insident gərginliyi daha da artırıb.
Avqustun 26-da İran mediası yazıb ki, ölkə Ədən körfəzinə “çox qabaqcıl” eskadra mina gəmisi yerləşdirib. Bu körfəz Hind Okeanı ilə Fars Körfəsini birləşdirir. Gəminin yerləşdirilməsində məqsədin regiondan keçən İran gəmilərinin təhlükəsizliyini təmin etmək olduğu vurğulanır.
Press TV dövlət televiziyasının məlumatına görə, gəmidə uzaqmənzilli qanadlı raket sistemləri var, onu təchizat gəmisi və vertolyot daşıyan müşayiət edəcək.
İki gün öncə Britaniya elan elədi ki, Fars körfəzində hərəkət azadlığını müdafiə etmək üçün oraya üçüncü hərbi gəmisini göndərir. Bu körfəzdən beynəlxalq neft göndərişlərinin beşdə biri keçir.
Birləşmiş Ştatlar regionda kommersiya gəmiçilik maraqlarını qısnama və qanunsuz müdaxilədən qorumaq məqsədilə beynəlxalq səviyyədə iş görməyə çağırıb.