Avqustun 26-da İraq liderləri İsrailin bir gün öncə İraqın yarımhərbi qruplarına məxsus bazalara və silah anbarlarına zərbələrini pisləyiblər.
Prezident Barham Salih və Baş nazir Adel Abdul zərbələri “İraqın suverenliyinə hücum” adlandırıb.
Əsasən İranın dəstəklədiyi şiə müsəlman fraksiyalarından ibarət Xalq Səfərbərlik Qüvvələrinin bildirməsinə görə, dronlar Suriyayla sərhəd yaxınlığına zərbələr endirib.
“Reuters” yerli yarımhərbi briqadanın qərargahına və binadan çıxan maşın karvanına zərbə endirildiyini xəbər verir.
Avqustun 24-də İsrail ordusu Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Aqraba kəndində bir neçə hədəfi vurub. Ordunun sözçüsü Jonathan Conricus deyib ki, məqsəd “İranın Qüds qüvvəsinin rəhbərliyi ilə Suriyadan fəaliyyəti önləməkdir”.
Ertəsi gün İsrail dronları Livanın paytaxtı Beyrutun cənubunda Hizballah qruplaşmasının mövqelərinə zərbə endirib. Livanın Baş naziri Saad Hariri bunu “Livanın suverenliyinə kobud hücum” adlandırıb.