Rusiyada bir cütlük üç övladını Moskvada etiraz aksiyasına apardığına görə valideynlik hüququnun alınmasıyla hədələnir. Cütlük bunu “bütün fəalları qorxutmaq niyyəti güdən qanunsuzluq cəhdi” sayır.
Pyotr və Yelena Khomsky avqustun 26-da “Current Time”a deyiblər ki, Moskvanın Nikulinski rayonunun prokurorluğu onların valideynlik hüququnu alınmasından ötrü vəsatət qaldırıb. Səbəb onların bu ayın əvvəlində üç qızıyla birlikdə etiraz aksiyasına qatılmasıdır.
Məhkəmə vəsatətə sentyabrın 2-də baxacaq. Cütlük onu da deyib ki, avqustun 22-də Moskvada keçirilən hazırlıq iclası haqda onlara məlumat verilməyib.
Qorxutmaq
Dövlət telekanalları 3 avqust yürüşünə qatılmış cütlüyü üç aylıq, 3 və 10 yaşlı qızları ilə birlikdə göstərmişdi. Qızlardan ikisi uşaq arabasında idi.
Pyotr Khomsky süjetlərdə “peşəkar təxribatçı”, Kremlin tənqidçisi Aleksei Navalny-nin “mühafizəçisi” kimi təqdim olunub.
Khomsky yürüşə bilərəkdən getdiyini, ancaq heç bir plakat qaldırmadığını, şüar səsləndirmədiyini söyləyib.
Cütlüyün fikrincə, prokurorluğun vəsatəti “bizi və digər fəalları qorxutmaq” niyyəti güdür. Onlar valideynləri hüquqları uğrunda mübarizə aparacaqlarını vurğulayıblar.
Avqustun 6-da Moskva şəhər prokurorluğu Dmitry və Olga Prokazovlar cütlüyünün valideynlik hüququndan məhrum edilməsi haqda vəsatət qaldırıb. Onlar 27 iyul aksiyasına bir yaşlı oğullarını aparmaqda, uşağı təhlükəyə atmaqda suçlanırdılar.
Son həftələr Moskvada keçirilən yürüşlərdə minlərlə etirazçı saxlanıb. Onlarla etirazçı icazəsiz yürüşün təşkili və onda iştiraka görə cərimələnib, yaxud həbsə məhkum edilib.
Etirazlar müxalifət və müstəqil namizədlərin Moskvada Duma seçkisinə buraxılmamasına qarşı keçirilib.