Seymur Həzi azadlığa çıxıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Seymur Həzi azadlığa çıxıb

S.Həzi: «Beş ili idmanla məşğul olub, çox kitab oxumuşam»

«Mənim barəmdə 5 il öncə verilən ittihama da, məhkəmə qərarına da münasibətim dəyişməyib. İttiham qərəzli, məhkəmə qərarı isə ədalətsiz idi».

Bunu AzadlıqRadiosuna avqustun 29-u səhər saatlarında həbsdən azad olunan jurnalist Seymur Həzi bildirib. O vurğulayıb ki, həbsdəki bu 5 ili idmanla məşğul olub: «İdmanla məşğul olmuşam, çox kitab oxumuşam. Yəni, bu 5 il həyatimdan heç nə çala bilmədi, əksinə, bəzi müsbətləri əlavə etdi».

S.Həzi azadlıqda

S.Həzi hesab edir ki, həbsi hökumətin media tənqidinə dözümsüzlüyünün göstəricisidir: «Bununla hökumət göstərdi ki, tənqid üçün açıq deyil və tənqidə görə cəzalandırma yolu tutub».

S.Həzi həbsdən səhərin erkən saatlarında buraxılmasına da münasibət bildirib: «Bu, hər şeydən öncə mənim təntənəli qarşılanma mərasimimin qarşısını almaq üçün edildi, elə bunun özü də hökumətin qorxusunun ifadəsidir».

O, daha sonra da əlavə edib ki, həbsdə olduğu 5 ildə azadlığa çıxmaq haqqında da düşünməyib: «Hakimiyyətdən də bağışlanmaq gözləməmişəm...».

Azərbaycan rəsmiləri isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə fundamental azadlıqlar qorunur. Onların bildirməsinə görə, heç kim fikir və tənqidi mövqeyinə görə həbs edilmir.

S.Həzi azadlıqda

+++

Bu gün – avqustun 29-da jurnalist Seymur Həzi azadlığa çıxıb. Onun 5 illik həbs müddəti bu gün tamamlanıb.

«Azadlıq» qəzetinin şöbə müdiri, «Azərbaycan saatı» televiziya proqramının aparıcısı və redaktoru olmuş S.Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan jurnalist CM-in 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib..

S.Həzi azadlıqda

Jurnalist ittihamı rədd edib və özünü təqsirli bilməyib. Deyir ki, M.Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib. S.Həzi həbsinin səbəbini «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələri, «Azərbaycan saatı» proqramındakı çıxışlarıyla əlaqələndirib.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi əqidəsinə, baxışlarına görə heç kəsin cəza çəkmədiyini deyir.

Avropa İnsan Hüquqları Məhkəməsi ötən il S.Həzi ilə bağlı qərarını elan edib. Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat altına alınan hüquqlarının pozuntusunu tanıyıb. Qərara əsasən, Azərbaycan hökuməti S.Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.

S.Həzi azadlıqda