Avqustun 28-də, axşam saatlarında Lənkəran rayonunda ağır yol qəzası baş verib. Bəliton kəndində sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza ilə bağlı ümumilikdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına 40-a yaxın şəxs müraciət edib.
Nazirlikdən habelə bildiriblər ki, onların əksəriyyəti xəsarətləri yüngül olduğundan evə buraxılıblar: «Hazırda qəza zamanı xəsarət alanlardan 10-u müalicələrini rayon xəstəxanasında davam etdirir».
Səhiyyə Nazirliyindən qeyd edilib ki, yaralılardan 2-si Reanimasiya şöbəsindədir: «Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir, açıq kəllə-beyin xəsarəti alıb, qadın koma vəziyyətindədir».
Verilən məlumata görə, reanimasiya şöbəsində olan digər qadına isə qapalı kəllə-beyin travması qoyulub, onun da vəziyyəti yaxşı dəyərləndirilmir.
Faktla bağlı araşdırma aparılır.
Rəsmi statistikaya görə, bu ilin 6 ayında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil qəzaları və orada ölüm halları artıb.