Ukraynalı kinorejissor Oleh Sentsov Rusiyanın ucqar Arktik regionundakı həbsxanadan Moskvada təcridxanaya köçürülüb. Bu haqda Rusiyanın iki agentliyi xəbər yayıb.
TASS və Interfax avqustun 29-da yazıb ki, Sentsov Butırskaya kimi tanınan 2 saylı təcridxanaya köçürülüb. O, Yamal-Nenets Muxtar Vilayətində həbsxanada saxlanırdı.
Bir gün öncə Ukrayna məhkəməsi rusiyalı jurnalist Kirill Vyshinsky-ni başqa yerə getməməklə bağlı iltizamla azadlığa buraxıb.
Son həftələr Kiyevlə Moskvanın onlarla məhbusu dəyiş-düyüş edəcəyi haqda məlumatlar yayılır.
2014-cü ildə Rusiyanın Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etməsinə açıq şəkildə qarşı çıxan Sentsov terrorçuluq ittihamları ilə 20 illik həbsə məhkum edilib. Özü və tərəfdarları ittihamları rədd edir.