Hazırda dünyanın Amerikalar istisna olmaqla hər bir regionunda qızılca hallarında artım baş verir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün – avqustun 29-da deyib.
ÜST-dən Kate O’Brien günahı səhiyyə sistemlərinin zəifliyində, peyvəndlərlə bağlı dezinformasiyanın yayılmasında görür. O, sosial medianı və ictimaiyyəti son dərəcə yoluxucu olan bu xəstəliyin önlənməsi barədə informasiyanı dəqiq yaymağa çağırıb.
“Geriləyirik, yanlış yoldayıq”, – ÜST-nin immunlaşdırma, vaksinlər departamentinin direktoru O’Brien mətbuat üçün brifinqdə deyib.
“Kiçik azalma baş vermiş Amerikalardan başqa bütün regionlarda qızılcanın artması narahatlıq yaradır”, – o deyib.
ÜST bildirir ki, bu ilin yanvarından iyulunadək qızılca halları ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfəyədək artıb.
Bu il dünya üzrə qızılcaya 365 min yoluxma halı qeydə alınıb və bu, 2006-cı ildən bəri ən yüksək rəqəmdir.