Bu gün, avqustun 30-da Dövlət Sərhəd Xidməti Azərbaycan-Ermənistan dövlət sərhədinin təmas xəttində gərginlik yaşanması ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Azərbaycan Sərhəd Qoşunlarının «Qazax» əlahiddə sərhəd diviziyasının mövqelərinə qarşı növbəti təxribat baş verib: «29 avqust tarixində, saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub. Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb».
Açıqlamada bildirilir ki, onların snayperlərinə cavab verilib.
Xatırlatma
1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Bəzən cəbhədən qara xəbərlər də gəlir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər. Hazırda hər iki ölkənin silahlı qüvvələri üzbəüz mövqe tutublar.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.