Honq Konqda tələbələr tətilə çağırır

Honq Konq aeroportunun yaxınlığı, 1 sentyabr, 2019-cu il

Sentyabrın 2-də Honq Konqda universitet tələbələri yay tətilindən sonra iki həftəlik boykota çağırıblar. Tələbələr əsasən lidersiz olan etiraz hərəkatının əsas qüvvəsi sayılır.

Sentyabrın 1-də Honq Konq aeroportundan 12-dən artıq reysin təxirə salındığı xəbər verilir.

***

Honq Konqda etirazçılar aeroport yolunu bağlayıb

Sentyabrın 1-də Honq Konqda minlərlə etirazçı beynəlxalq aeroporta gedən yolları bağlayıb. Ancaq aeroportun işi dayanmayıb, reyslər davam edib. İyundan bəri Çinə məxsus bu muxtar ərazidə demokratik tələblərlə etirazlar keçirilir.

Etirazçılar şəhərdən aeroportdan gedən sürət qatarlarının da yolunu bağlayıb. Onlar stansiyaların birində turniketləri, video-müşahidə kameralarını sındırıblar.

“Aeroportun işini pozsaq, dünyada daha çox adam Honq Konqda nə baş verdiyindən xəbər tutar”, – “Reuters” agentliyi etirazçılardan birinə istinadla yazır.

Buna da bax: Honq Konqda fəallar zaminə buraxılıb

Bir neçə yerdə polislə etirazçılar arasında toqquşmalar baş verib. İnternetdə yayılmış videolardan birində polisin maskalı şəxsi döydüyü görünür. Bir neçə nəfər saxlanıb, ancaq saxlananların dəqiq sayı bəlli deyil.

Honq Konqda etirazlar ilkin olaraq şübhəlilərin Çinə verilməsini nəzərdə tutan ekstradisiya qanununa qarşı keçirilib. Sonradan bu qanun təxirə salınsa da, tələblər genişlənib, seçki islahatları, şəhər başçısının istefası tələb olunub.

Etirazların dağıdılması zamanı zorakılıqlar qeydə alınıb, su şırnaqlarından, səs qumbaralarından istifadə olunub.

Çin hakimiyyəti isə Honq Konqdakı etirazçıların davranışının “terrorçuluğa yaxın” olduğunu bildirir.

Etirazları mənfi qələmə verən Çin dövlət mediası bu hərəkatı Amerikanın inqilab yaratmağı hədəfləyən “qara əlləri”nin nəticəsi adlandırır.