Honq Konq lideri Carrie Lam bacarsaydı istefa verə biləcəyinə dair yayılmış xəbərləri təkzib edib. “Reuters” agentliyi onun şirkət rəhbərləri ilə qapalı görüşündə belə bir açıqlamasının audiosunu yaymışdı.
Lam sentyabrın 3-də deyib ki, “heç vaxt istefa ərizəsi yazmayıb”, ancaq səsyazısının həqiqiliyini də danmayıb.
Səsyazısında Lam deyir ki, “liderin Honq Konqda belə bir qarışıqlıq yaratması bağışlanmazdır. Seçimim olsaydı, ilk işim istefa olardı”.
Honq Konqda 12 həftədir davam edən etirazlarda Lam-ın istefası tələb olunur. Etirazlar ilkin olaraq şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanunvericiliyə qarşı başlanıb.
Etirazlar bu keçmiş Britaniya müstəmləkəsi 1997-ci ildə Çinə veriləndən burada ən pis böhrana səbəb olub.
Ötən həftəsonu polislə etirazçılar arasında toqquşmalar baş verib.
Sentyabrın 3-də minlərlə tələbənin tətili davam etdirəcəyi gözlənir.