Ukrayna parlamenti deputatların toxunulmazlığının ləğvinə səs verib. Prezident Volodymyr Zelenskiy korrupsiyanın kökünü kəsməyi vəd edib və bu həmin istiqamətdə bir addım sayılır.
Sentyabrın 3-də 373 deputat qanun layihəsinin lehinə səs verib, üç nəfər bitərəf qalıb, 28 nəfər iclasa qatılmayıb.
Parlamentin iclasında iştirak edən Zelenskiy bununla deputatların hakimiyyətdəkilərin təqibinə məruz qalacağı sarıdan əndişələri rədd edib. Prezident səsvermədən öncə deyib ki, toxunulmazlığın ləğvi deputatların siyasi qərarlara görə məsuliyyət daşıyacağı anlamına gəlmir.
“Bütün mifləri və siyasi manipulyasiyanı rədd edirəm. Parlament üzvlərinin təminatları qalacaq. Onlar siyasi qərarlar, səsvermə, yaxud hər hansı siyasi, yaxud ictimai bəyanata görə məsuliyyət daşımayacaqlar”, – Zelenskiy vurğulayıb.
Toxunulmazlığın ləğvi ukraynalıların ən çox arzuladığı antikorrupsiya tədbirlərindəndir. Bunu ictimai rəy sorğuları üzə çıxarıb.
41 yaşlı, keçmiş aktyor Zelenskiy Ukrayna sistemində “sistemi qıracağını” vəd edib. O, aprelin 21-də prezident seçkisini udub.