Rövşən Məmmədov AzTV-nin sədri oldu

R.Məmmədov

Prezident İlham Əliyev bugün, sentyabrın 4-də Rövşən Məmmədovun «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə R.Məmmədov bu qurum sədrinin müavini vəzifəsindən azad olunub.

Bu il yanvarın 15-də «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin sədri Arif Alışanov vəzifəsindən azad olunub. Həmin vaxtdan indiyədək AzTV sədri vəzifəsinin icrasını R.Məmmədov həyata keçirirdi.

R.Məmmədov əvvəllər Azərbaycan Televiziyasında «Günün nəbzi» verilişinin aparıcısı olub. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. AzTV-dən əvvəl İctimai və «Lider» televiziyasında çalışıb. R.Məmmədov «Lider» televiziyasında fəaliyyətə idman müxbiri kimi başlayıb.

Xatırlatma

Azərbaycan Televiziyası 1956-cı ildə Mədəniyyət Nazirliyinin tabeliyində Bakı Televiziya Studiyası adı ilə fəaliyyətə başlayıb.

1957-ci ildən Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adı daşıyıb.

1970-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb, 1991-ci ildə eyni adda şirkətə çevrilib. 2005-ci ildən indiki adı ilə fəaliyyət göstərir.

Arif Alışanov sədr postunu 2006-cı ildən tuturdu.