İran uranın zənginləşdirilməsini sürətləndirəcəyini deyir

Hassan Rohani

Prezident Hassan Rohani sentyabrın 4-də bəyan edib ki, İran bu həftə uranın zənginləşdirilməsi prosesini sürətləndirmək məqsədilə sentrifuqların yaradılmasına başlayacaq.

Bu, Tehranın 2015-ci ildə imzaladığı nüvə sazişinin şərtlərindən geriyə atdığı “üçüncü addım” olacaq:

"Cümə günündən etibarən müxtəlif tipli sentrifuqlar sahəsində araşdırma və layihələndirmələrin aparılmasının, habelə uranın zənginləşdirilməsinin sürətləndirilməsi üçün lazım olan başqa tədbirlərin görülməsinin şahidi olacağıq. Tədqiqat və layihələndirmə üzərindəki bütün məhdudiyyətlər cümə günü qaldırılacaq”.

***

İran Prezidenti Hassan Rohani xəbərdarlıq edir ki, İran nüvə sazişi öhdəliklərindən kənara “ən vacib” addımı ata bilər. Ancaq onu da əlavə edib ki, Tehran sazişi xilas etməkdən ötrü Avropaya daha iki ay vaxt verəcək, çünki tərəflərin “bu gün, ya sabah” razılaşma əldə etməsi mümkün görünmür.

Rohani sentyabrın 4-də hökumətin iclasında danışıb. O deyib ki, Tehran nüvə sazişi çərçivəsində öhdəliklərini məhdudlaşdırmağa yönəlik “üçüncü addımı” elan edəcək.

O, üçüncü addımın “çox mühüm” olacağını, “qeyri-adi təsirlər göstərəcəyini” vurğulayıb.

Bu günlərdə İran, Fransa və Rusiya 2015-ci ildə imzalanmış nüvə sazişini qorumaq məqsədilə danışıqlar aparıblar. ABŞ Prezidenti Donald Trump ötən il sazişdən çıxaraq İrana sanksiyaları bərpa edib.

Buna da bax: Fransa İrana 15 milyard dollarlıq kredit planı hazırlayıb

Sentyabrın 3-də yayılmış məlumatlara görə, Fransa İrana ilin sonunadək 15 milyard dollarlıq kredit xətti təklif etməyə hazırdır, ancaq bundan ötrü Vaşinqtonun əməkdaşlığı tələb olunur.

Birtərəfli sanksiyalar tətbiq edən Vaşinqton digər ölkələri İranla biznes qurmaqdan çəkinmək üçün təzyiq göstərir.

İranın Press TV dövlət televiziyası isə mənbəyə istinadla ölkənin 15 milyard dollarlıq kredit təklifini artıq rədd etdiyini xəbər verib.

İranın Xarici işlər nazirinin müavini Abbas Araghchi sentyabrın 4-də deyib ki, İranın həftəsonuna qoyduğu son tarixə qədər “Avropa ölkələrinin effektiv addım atması real görünmür”.

Buna da bax: ABŞ İranın kosmik proqramına sanksiyalar elan edir

Rohani Birləşmiş Ştatlarla ikitərəfli danışıqları rədd edir, bundan ötrü sanksiyaların qaldırılmasını şərt qoyur.

Sentyabrın 2-də Tehran bildirib ki, Avropa həftəsonunadək yeni şərtlər irəli sürməsə, sazişdən kənara “güclü addım atacaq”.

Birləşmiş Ştatlar bu həftə İranın kosmik agentliyinə və iki tədqiqat institutuna yeni sanksiyalar elan edib, onlardan Tehranın raket proqramında istifadə olunduğunu bildirib.